1 oktyabr 2025-ci il tarixində Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü iş günü keçirildi. Günün əsas mövzusu “Sektorlar üzrə iqlim davamlılığının gücləndirilməsi – dayanıqlı kənd təsərrüfatı, sudan səmərəli istifadə, nəqliyyat və ağıllı şəhərlər. İqlim fəaliyyətində qadınların liderliyi” olub.
Açılış mərasimində COP29-un Prezidenti və Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, FAO-nun baş direktor köməkçisi və Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Qutu və COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu və millət vəkili Nigar Arpadarai çıxış edərək iştirakçıları salamlayıblar.
Günün birinci yarısında kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması ilə bağlı müzakirələr aparılıb. İqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə təsirləri, texnologiya və innovasiyaların kənd təsərrüfatında tətbiqi, su qıtlığının idarə olunması və səmərəli suvarma sistemlərinin inkişafı önə çəkilib. Azərbaycan və beynəlxalq ekspertlər dayanıqlı kənd təsərrüfatı və regional su idarəçiliyi üzrə təcrübələrini bölüşüblər.
Daha sonra nəqliyyat sektorunda karbon emissiyalarının azaldılması, elektrikli nəqliyyat, süni intellekt, eləcə də ağıllı nəqliyyat sistemlərinin iqlim dəyişmələri ilə mübarizədəki rolu diqqət mərkəzində olub. Bununla yanaşı, ağıllı şəhər həlləri, davamlı urbanizasiya, yaşıl tikinti, enerji səmərəliliyi və təbiətə əsaslanan şəhərsalma yanaşmaları müzakirə edilib.
Konfransın yekununda qadınların iqlim siyasəti, biznes və innovasiya sahələrində liderliyi, eləcə də qərar qəbuletmə proseslərində iştirakının artırılması zəruriliyi vurğulanıb.
Bununla yanaşı, 30 sentyabrda start götürən Gənclərin İqlim Forumu iqlim fəaliyyəti üzrə müzakirələrin formalaşdırılmasında gənc liderlər, siyasətçilər, diplomatlar və ekspertləri bir arada topladı. İki gün davam edən tədbir zamanı gənclərin innovasiya, davamlılıq və kollektiv fəaliyyətin önündə dayanan aparıcı rolu vurğulanmışdır.
Bakı İqlim Fəaliyyəti Həftəsi 29 sentyabr-3 oktyabr tarixində keçirilir və COP29-un əsas təşəbbüslərindən biri kimi, müxtəlif sektorların dayanıqlı inkişaf strategiyalarını paylaşmaq və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədini daşıyır.Daha ətraflı məlumat üçün bax: Bakı İqlim Fəaliyyəti Həftəsi
