Baku: 12 May 2025
İki intensiv həftə ərzində qlobal iqlim ictimaiyyətini bir araya gətirən və həm iqlim maliyyəsi, həm də karbon bazarları üzrə tarixi nəticələrlə yadda qalan COP29 tədbirinin müvəffəqiyyətlə yekunlaşmasından sonra Azərbaycan yenidən beynəlxalq iqlim tədbirinə ev sahibliyi etməyə hazırlaşır.
Bu gün Bakıda COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev və COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai 2025-ci il sentyabrın 29-dan oktyabrın 3-dək ölkənin Bakı İqlim Fəaliyyəti Həftəsinə (BCAW) növbəti dəfə ev sahibliyi edəcəyini rəsmi şəkildə elan etmişlər. Ötən il debütü olmuş bu tədbir artıq ikinci dəfədir ki, Azərbaycanda keçiriləcək.
COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev bildirmişdir ki: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim üçün böyük şərəf idi və biz əldə etdiyimiz çoxsaylı nəticələrlə fəxr edirik. Lakin hava temperaturunun artmaqda davam etdiyi və iqlim dəyişmələrinin dünyanın hər bir yerini daha şiddətlə təhdid etdiyi bir vaxtda əldə olunmuş nailiyyətlərlə kifayətlənmək olmaz. Biz diqqətimizi yayındırmamalıyıq. İqlim fəaliyyətinə yatırılan investisiyalar davamlı olmalı və biz bu istiqamətdə yaranan imkanlardan maksimum istifadə etməliyik. COP29 Sədrliyi olaraq, biz bu çağırışı həm qlobal miqyasda, həm də regionumuzda bundan sonra da təşviq etməklə yanaşı, Braziliyanın COP30 Sədrliyi ilə sıx əməkdaşlıq edəcək və onun məqsədlərinə nail olmasına dəstək göstərəcəyik.
Azərbaycan regionumuzda iqlim fəaliyyəti üzrə nümunəvi lider olmağa davam edəcək və “yaşıl” enerjiyə keçidi mənimsəməklə, yaranan imkanları nümayiş etdirəcəkdir. Bu il Bakı İqlim Fəaliyyəti Həftəsi bir daha şirkət rəhbərləri, investorlar, siyasətçilər, alimlər, akademiklər, gənclər və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gələrək iqlim həllərini paylaşmaları və əməkdaşlıq yolu ilə dəyişikliyə təkan vermələri üçün əlamətdar platformaya çevriləcək.”
Bakı İqlim Fəaliyyəti Həftəsinin əhəmiyyətinə toxunan COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai isə qeyd etmişdir ki: “Ədalətli və effektiv iqlim keçidini təmin etmək məqsədilə siyasət, investisiya və davranış modellərində zəruri dəyişiklikləri həyata keçirmək üçün cəmiyyətin bütün təbəqələrini ehtiva edən hərəkatın olması vacibdir. Ötən il Bakı İqlim Fəaliyyəti Həftəsi həm Azərbaycanda, həm də regionumuzda cəmiyyətin hər bir təbəqəsində iqlim fəaliyyətinə güclü təkan verdi. İndi isə biz bu dinamikanı davam etdirərək uzunmüddətli dəyişikliklərə nail olmalıyıq.
Həmçinin, Bakı İqlim Fəaliyyəti Həftəsi London İqlim Fəaliyyəti Həftəsi vasitəsilə şəhər miqyasında iqlim fəaliyyətini təşviq edən London kimi qabaqcıl şəhərlərlə əlaqələrin möhkəmləndirilməsinə də töhfə verdi. Bu il isə Bakı İqlim Fəaliyyəti Həftəsi Rio-de-Janeyro ilə tərəfdaşlıq edərək tarixdə ilk Rio İqlim Fəaliyyəti Həftəsinin təşkilinə dəstək göstərəcək.
Bunlar iqlim fəaliyyətinin geniş miqyasda həyata keçirilməsi üçün həm maraqlı, həm də yeni modellərdir və biz bu işləri COP29-un mirası, eləcə də qurduğumuz yeni əməkdaşlıq şəbəkələri və tərəfdaşlıqlar əsasında daha da inkişaf etdirəcəyimizə ümid bəsləyirik.”
Bakı İqlim Fəaliyyəti Həftəsi 2025-ci il sentyabrın 29-dan oktyabrın 3-dək keçiriləcək. Sözügedən həftə çərçivəsində Bakıda böyük beynəlxalq konfrans, eləcə də seminarlar, dəyirmi masalar və mədəni tədbirlər təşkil olunacaq.
Builki Bakı İqlim Fəaliyyəti Həftəsinin əsas tematik mövzuları “Enerji keçidi”, “Kənd təsərrüfatı və su ehtiyatlarının dayanıqlı idarə olunması”, “Şəhərlər və antropogen şəhər ətraf mühiti”, “Elm, texnologiya və innovasiyalar”, “Dayanıqlı iqtisadi inkişaf”, “Kiçik və orta sahibkarlıq və yaşıl bacarıqlar”, “Gənclər və gələcək nəsil startapları” və “İqlim dəyişmələrinə adaptasiya və davamlılıq” olacaq.
Bu il Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) həm London İqlim Fəaliyyəti Həftəsi, həm də Rio İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilir və tədbirin kuratoru yenidən Malini Mehra olacaq. Həmçinin, tədbirə həm yerli, həm də beynəlxalq ekspertlərdən ibarət komanda və institusional tərəfdaşlar dəstək göstərəcəklər.
Bakı İqlim Fəaliyyəti Həftəsinin proqramı və əlavə məlumatlar qarşıdan gələn bir neçə həftə ərzində www.bakuclimateactionweek.org veb-saytında təqdim olunacaq.